Son Ultimatum| Ukrayna müharibəsi yeni mərhələyə keçir?

2025/04/1745221158.jpg
Oxunub: 573     11:48     26 Aprel 2025    
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər tərəflərdən biri atəşkəsə nail olunması prosesinə mane olmağa davam edərsə, ABŞ danışıqlardan çıxacaq. Söhbət Ukrayna müharibəsindən gedir. Tramp həmin tərəfin kim olduğunu konkret göstərməyib, lakin onun və komandasının digər üzvlərinin bəyanatlarına əsaslanaraq ehtimal etmək olar ki, söhbət Ukrayna hakimiyyətindən gedir.

Kiyev üçün ABŞ-nin Rusiya ilə apardığı danışıqlarda irəli sürülən şərtlər qəbuledilməzdir. Ukrayna hakimiyyətinin “arxa planı”nda isə Avropanın mövqeyi dayanır. Avropa da narazıdır ki, ABŞ-Rusiya danışıqlarına tam şəkildə cəlb olunmayıb. Dünən Tramp administrasiyasının diplomatik komandasının iki əsas üzvü – Dövlət katibi Rubio və Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndə Uitkof Parisə səfər edərək Fransa prezidenti və xarici işlər naziri ilə görüşüblər.

Bu görüşdən sonra Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Böyük Britaniya və Almaniya nümayəndələrinin də iştirakı ilə Yelisey sarayında müsbət müzakirələr aparılıb. O qeyd edib ki, onlar əvvəlcədən ABŞ prezidentinin sülhə nail olmaq səylərini dəstəkləyirlər və ABŞ ilə sıx əməkdaşlığa hazırdırlar. Eyni zamanda Makron bildirib ki, Yelisey sarayındakı müzakirələrdən əvvəl və sonra o, həmçinin Ukrayna prezidenti Zelenski ilə danışıb və koordinasiyanın təmin edildiyini söyləyib.

Makronun sözlərinə görə, müzakirələr gələn həftə Londonda davam edəcək. Bu nə deməkdir? Tramp Fransanı öz yanaşma platformasına gətirib və indi yalnız Böyük Britaniya qalıb? Yoxsa Makronun bəyanatları diplomatik xarakter daşıyır, əslində isə Avropa İttifaqı və Britaniya Rusiya-ABŞ razılaşmasına hələ də müqavimət göstərirlər və bu prosesdə öz iştiraklarının tam təmin olunmasını tələb edirlər?

Birmənalı demək çətindir, lakin kifayət qədər aydındır ki, Trampın bəyanatı ultimatum tonundadır – əgər razılıq əldə olunmasa, ABŞ danışıqlardan çıxacaq. Bu isə o deməkdir ki, ABŞ müharibənin yükünü Avropanın üzərinə buraxacaq. Tramp jurnalistlərin “Əgər ABŞ danışıqlardan çıxsa, yenə də Ukraynaya hərbi yardım göstərəcəkmi?” sualına cavab verməyib. Bu isə, şübhəsiz, əsas məsələdir. Yəni Tramp danışıqlardan çıxsa, müharibədə qalacaq, yoxsa ondan da çəkiləcək? Əlbəttə, hər iki halda Ukraynadakı vəziyyət tamamilə yeni mərhələyə keçəcək, lakin tam fərqli məntiq və səbəblərlə.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin